Dekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Şabran rayonunda "Şabran" İstirahət Kompleksinin açılışında iştirak ediblər. Bu barədə dövlət başçısının saytı məlumat yayıb.
Prezidentə məlumat verilib ki, kompleksin ərazisində 12,6 hektar sahədə inşa olunan otel müxtəlif kateqoriyalı 119 nömrədən, birmərtəbəli 10, ikimərtəbəli 20 kottecdən ibarətdir.
Kompleksdə “Rübai”, “Ahəng”, “Ocaq” restoranları, “Misra Lobby Lounge”, “Badə Lounge Bar”, “Aura Cafe”, müxtəlif əyləncə və oyun otaqları fəaliyyət göstərəcək.
Oteldə işgüzar görüşlər, konfranslar və xüsusi tədbirlər üçün 180 nəfərlik “Bayatı” və “Şiraz” konfrans zalları yaradılıb.
Şabran rayonunun Pirəbədil kəndində yerləşən kompleks paytaxt Bakıdan 147 kilometrlik məsafədədir.*