Azəraycanda ev təsərrüfatlarının 82%-i inflyasiya gözləyir. Bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilir.
“Dekabr ayında aparılan sorğulara görə ev təsərrüfatlarının 81.9%-i inflyasiya gözləyir. O cümlədən respondentlərin 22.4%-i inflyasiya tempinin yüksələcəyini düşünür”, - “İnterfaks-Azərbaycan” Mərkəzi Bankın 2023-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatına istinadən məlumat verir.
AMB-nin məlumatına görə, real sektor müəssisələri arasında aparılan monitorinqin nəticələrinə görə isə inflyasiya gözləntiləri 11 ayda orta hesabla ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft sənayesində və tikintidə azalmış, ticarət və xidmət sektorunda artıb.
AMB qeyd edir ki, qiymət artımının birbaşa və dolayı olaraq əhəmiyyətli hissəsi xarici mənşəli xərc amilləri ilə bağlıdır. İdxal üzrə illik qiymət indeksinin artımı 10 ayda 22.1% olub.
İllik inflyasiya 2022-ci ilin noyabrında 15.1%, orta illik inflyasiya isə 13.8, baza inflyasiya - illik 14.7% təşkil edib.
Bundan əlavə, 2022-ci ildə də inflyasiyanın yüksəlməsinə ərzaq məhsullarının bahalaşması daha çox təsir göstərib. Noyabrda inflyasiya illik əsasda ərzaq məhsulları üzrə 20.1%, qeyri-ərzaq məhsulları üzrə 12.1%, xidmətlər üzrə 10.7% olub.
“Bununla belə qeyd olunan amillərin qaldığı şəraitdə inflyasiyanın yalnız 2024-cü ildə mərkəzi bankların hədəf dairəsinə geri dönəcəyi proqnozlaşdırılır. Dünyadakı geosiyasi vəziyyət yüksək qeyri-müəyyənlik yaratmaqla inflyasiyanın proqnozdan kənarlaşma riskinin qalmasına gətirib çıxarır”, - AMB vurğulayır. **
R.Əhmədov