1 dekabr 2022-ci il tarixinə Azərbaycan Mərkəzi Bankının (AMB) notların yerləşdirilməsi vasitəsilə cəlb etdiyi vəsaitlərin qalığı 1 milyard 170 milyon manat təşkil edir.
“Ümumilikdə, noyabrın sonuna notlar vasitəsilə sterilizasiya olunmuş vəsaitin toplam qalığı 1,17 milyard manat təşkil edib”, - AMB-nin 2023-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir.
AMB bəyan edib ki, Mərkəzi Bankın təklif etdiyi yeni alətlər içərisində sterilizasiya yönümlü alətlərə tələbat daha yüksək olub. Sentyabr-noyabr aylarında 1 günlük depozit əməliyyatlarının orta günlük həcmi 456.6 milyon manat təşkil edib.
“Mərkəzi Bank 2022- ci ilin oktyabr-noyabr aylarında likvidliyin effektiv idarə olunması məqsədilə müxtəlif müddətli 34 not hərracı keçirib”, - AMB vurğulayır.
Bankdan məlumat verilib ki, yeni əməliyyat çərçivəsi gəlirlik əyrisinin formalaşmasına müsbət təsir edib. Noyabrda orta hesabla gəlirlik 28 günlük notlar üzrə 3.62%, 84 günlük notlar üzrə 4.12%, 168 günlük notlar üzrə 4.39%, 252 günlük notlar üzrə 4.78% olub.
Xəbər verildiyi kimi, 2021-ci ilin əvvəlində AMB həftəlik depozit hərraclarının keçirilməsindən imtina edib, izafi likvidliyin tənzimlənməsi üçün isə not hərraclarının keçirilməsinə üstünlük verilir.**
X.Nəsirzadə