Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanunu təsdiq edib.
“İnterfaks-Azərbaycan” agentliyi məlumat verir ki, dövlət başçısının saytında dərc olunan sənədə əsasən, 2023-cü il dövlət büdcəsinin gəlirləri 30 milyard 773,978 milyon manat, xərcləri – 33 milyard 353,278 milyon manat səviyyəsində proqnozlaşdırılır.
Beləliklə, kəsir 2 milyard 579,3 milyon manat və ya ÜDM-in 2,4%-i səviyysində proqnozlaşdırılır.
Gəlirlərin strukturunda gələn il üçün Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlər 11 milyard 280 milyon manat səviyyəsində proqnozlaşdırılır.
Xərclərin strukturunda 2023-cü ildə dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik sahəsinə 5 milyard 331,211 milyon manat, sosial müdafiə və sosial təminat sahəsinə - 4 milyard 415,877 milyon manat, dövlət borcuna xidmətlə bağlı xərclərə 1 milyard 5 milyon manat yönəldiləcək.
2023-cü ildə dövlət əsaslı vəsait qoyuluşu 2 milyard 650,4 milyon manat Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası xərcləri 3 milyard manat məbləğində nəzərdə tutulub.
Azərbaycanın 2023-cü il dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 50 ABŞ dollarına bərabər götürülüb.
2023-cü il üçün Azərbaycanda ÜDM-in artımı 2,7%, orta illik inflyasiya – 6,9% səviyyəsində proqnozlaşdırılır.
2022-ci il dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 29 milyard 197,8 milyon manat, xərcləri üzrə proqnoz 32 milyard 303,8 milyon manat, kəsiri 3 milyard 106 milyon manat və ya ÜDM-in 2,7%-i səviyyəsində proqnozlaşdırılır. **
R.Əhmədov