Azərbaycan prezidenti İlham Əliyev cümə günü Bakıda Mərkəzi Parkın ikinci hissəsinin açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Prezidentə Bakının Yasamal rayonu ərazisində yerləşən parkda görülən işlər barədə məlumat verildi.
Qeyd olunub ki, paytaxtın keçmiş “Sovetski” adlanan ərazisində yol-nəqliyyat infrastrukturunun yenidən qurulması və abadlıq işlərinə 2013-cü ilin noyabr ayında başlanılıb.
Təzəpir məscidinin qarşısındakı yeni bağın və Füzuli küçəsi boyunca salınan Mərkəzi Parkın birinci hissəsi 2019-cu il mayın 22-də istifadəyə verilib.
İkinci mərhələdə Mərkəzi Parkın ikinci hissəsində müasir yol-nəqliyyat infrastrukturunun yaradılması, kommunikasiya xətlərinin yenidən qurulması, şəhər sakinləri və qonaqlar üçün istirahət parkının salınması istiqamətində işlər davam etdirilib. Layihəyə əsasən, Mirzəağa Əliyev və Bəşir Səfəroğlu küçələrinin arasında yerləşən parkın yeni hissəsinin qurulması üçün 6,4 hektar ərazi təmizlənərək abadlaşdırılıb, ən müasir infrastrukturlar və kommunikasiyalar çəkilib.
Aparılan abadlıq və yenidənqurma işləri çərçivəsində ərazidəki torpaq səthi dəyişdirilib, yaşıllaşdırmanın keyfiyyətini və landşaft dizaynını daha da yaxşılaşdırmaq üçün 57,5 min kubmetrdən çox münbit torpaq gətirilib. Həmçinin yaşıllaşdırma işləri ərazinin iqlim şəraiti, florası və ətraf mühiti nəzərə alınmaqla aparılıb.
Parkın ərazisinin 4 hektarında 19 növdə 2764 ağac, 20 mindən çox gül və kol bitkiləri əkilib. Yeni salınan yaşıllıqları suvarmaq üçün müasir tələblərə uyğun damcılama və çiləyici qurğular quraşdırılıb, drenaj xətləri çəkilib. Eyni zamanda, istirahət parkının ərazisində müasir işıqlandırma sistemi və infrastrukturun bir mərkəzdən idarə olunması üçün təhlükəsizlik kameraları quraşdırılıb.
O cümlədən, burada iki istirahət və oyun meydançası da salınıb. Meydançalar hər yaş qrupunda olan insanların istirahəti üçün nəzərdə tutulub. Həmçinin parkda söhbətgahlar quraşdırılıb və istirahət mərkəzinin birinci hissəsi ilə ikinci hissəsini birləşdirən yeraltı piyada keçidi tikilib.
Mərkəzi Parkın ərazisində iki açıq kafe, bir fəvvarə kompleksi və avtomobillər üçün açıq dayanacaq da fəaliyyət göstərəcək.
Dövlət başçısına məlumat verildi ki, görülən işlər çərçivəsində parkın ətrafındakı Mirzəağa Əliyev, Bəşir Səfəroğlu və Çingiz Mustafayev küçələrində yol infrastrukturu da yenidən qurulub, ərazidə yeni parkinq, piyada səkiləri tikilib, işıq dirəkləri, işıqforlar quraşdırılıb, drenaj və kanalizasiya sistemləri çəkilib.
Beləliklə, Mərkəzi Parkın ikinci hissəsinin istifadəyə verilməsi ilə keçmiş “Sovetski” ərazisində salınan parkın ümumi sahəsi 26,4 hektara çatdırılıb.
Parkda 5,4 kilometr uzunluğunda olan piyada yolları, 18 hektarlıq yaşıllıq sahəsi, 7 uşaq meydançası, 2 idman meydançası, 6 fəvvarə kompleksi, 190 avtomobillik açıq, 347 avtomobillik qapalı dayanacaq var. **
B.Rüstəmbəyov