Cümə günü Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Estoniyanın xarici işlər naziri Urmas Reinsalu ilə telefon danışığı baş tutub, onu Laçın yolunda vəziyyət barədə məlumatlandırıb.
“Bayramov post-münaqişə dövründə Azərbaycanın Ermənistanla münasibətlərin bərpa olunması, sülh sazişi təklifləri və bir sıra təşəbbüslər irəli sürməsinə baxmayaraq, prosesə Ermənistan tərəfindən maneçilik törədildiyini diqqətə çatdırıb. Ermənistan tərəfindən 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat üzrə öhdəliklərin kobud şəkildə pozulması, bu xüsusda erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərindən tam çıxarılmaması, yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolu vasitəsilə üçüncü dövlətlərin vətəndaşlarının Azərbaycan ərazilərinə qeyri-qanuni daxil olması, Ermənistandan Azərbaycana 2021-ci il istehsalı minalar daşınmaqla mina təhdidlərini davam etdirməsini misal çəkib”, - Azərbaycan XİN məlumat verir.
Reinsalu həmçinin Azərbaycanın Qarabağ iqtisadi rayonunda təbii sərvətlərinin qeyri-qanuni istismarı və buna qarşı Azərbaycan vətəndaş cəmiyyətinin Laçın yolunda etiraz aksiyası barədə məlumatlandırılıb.
"Bayramov, guya Laçın yolunun Azərbaycan tərəfindən bağlanması nəticəsində erməni sakinlərin “blokada”ya alınması, bölgədə “humanitar fəlakət” yaratması barədə iddialarının tamamilə əsassız olduğu, nəqliyyat vasitələrinin sərbəst şəkildə yoldan istifadə etdiyini vurğulayıb. Buyndan başqa, o qeyd edib ki, erməni əhalinin yoldan istifadə etməklə sərbəst hərəkətinə heç bir maneə yoxdur, ekoaktivistlər ehtiyac olacağı təqdirdə erməni sakinlərə yardım göstərmək niyyətindədirlər. Azərbaycan XİN başçısı bəyan edib ki, “yerli ermənilərin rəhbərləri kimi özlərini təqdim edən şəxslər əhalinin yoldan istifadəsinə maneçilik törədirlər”, - məlumatda vurğulanır.
Telefon danışığı zamanı, nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər regional və ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıblar. **
V.Əliyev