Azərbaycanın Belçika Krallığındakı səfiri və Azərbaycan Respublikasının Avropa İttifaqı (Aİ) yanında Nümayəndəliyinin başçısı Vaqif Sadıqov bəyan edib ki, BMT Təhlükəsizlik Şurası bu günlərdə ekoloji aksiyanın keçirildiyi Laçın yolu ətrafındakı vəziyyətlə bağlı Fransanın təşəbbüs etdiyi anti-Azərbaycan bəyanatını qəbul etməyib.
"Bu gün Fransa BMT Təhlükəsizlik Şurasında Laçınla əlaqədar Ermənistanyönümlü bəyanatı qəbul etdirmək cəhdində Azərbaycana qarşı növbəti döyüşdə məğlub oldu, bu da BMT Təhlükəsizlik Şurasının digər üzvləri tərəfindən sərt reaksiya doğurdu. Albaniya, Rusiya, BƏƏ və Böyük Britaniyaya minnətdarlıq ifadə olunur", - Sadıqov şənbə gününə keçən gecə Twitter hesabında yazıb və Azərbaycan diplomatlarının işini “əla” adlandırıb.
Azərbaycan KİV-ə əsasən, 20-də BMT Təhlükəsizlik Şurasının iclasında Laçın yolu ətrafındakı vəziyyət müzakirə olunandan sonra Fransa bölgədə baş verənləri «humanitar fəlakət» kimi xarakterizı edən bəyanat layihəsi hazırlayıb, lakin məsələnin bu cür qoyulmasına Böyük Britaniya, BƏƏ, Rusiya və Albaniya qarşı çıxış edib.
Nəşrlərin məlumatına görə, mətn üzərində diplomatik müzakirələr 10 gün davam edib, lakin bu müddət ərzində Paris bəyanatı razılaşdıra bilməyib və nəticədə sənədin layihəsi «de-fakto Azərbaycanyönümlü» olduğundan sonra bu cəhddən imtina edib.
Dekabrln 24-də prezident İlham Əliyev bəyan edib ki, BMT-də Azərbaycana qarşı növbəti təxribat hazırlanır.
“Bu gün Laçın yolunda baş verən hadisələr növbəti anti-Azərbaycan isterikasına səbəb olub. Burada təkcə Ermənistan yox, bəlkə də onlardan daha çox onların xaricdəki havadarları, onların arxasında dayanan dövlətlər yenə də Azərbaycana qarşı qarayaxma kampaniyası başlamışdır və biz bu gün görüşdüyümüz vaxtda BMT-də bizə qarşı növbəti təxribat hazırlanır”, - dövlət başçısı Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı bildirib.
“Artıq bir neçə gündür ki, xüsusi canfəşanlıqla seçilən bəzi ölkələr bizə qarşı növbəti çirkin planlarını həyata keçirmək əzmindədir. Amma hələ ki, bir şey əldə edə bilmirlər, neçə gündür əlləşirlər. Gələn həftə də öz səylərini göstərəcəklər!”, - deyə o əlavə edib.
Laçın yolunda baş verən hadisə (ekoloji aksiya – İF-Az) barədə söz açan prezident bildirib ki, burada hər şey “gün kimi aydındır”.
“Bu, bizim legitim hüququmuzdur. Bizim təbii sərvətlərimiz istismar edilir, təbii sərvətlərimiz daşınır. O təbii sərvətlərimizi istismar edənlər istənilən beynəlxalq hüquqi normaya görə cinayətkardırlar. Çünki bu, bizim beynəlxalq birlik tərəfindən tanınmış ərazimizdir və haqlı tələbimiz var ki, bizim ictimaiyyət nümayəndələri və ilk növbədə, ondan əvvəl dövlət qurumlarının nümayəndələri monitorinq keçirməlidirlər. Baxmalıdırlar orada hansı işlər baş verir və o qanunsuz fəaliyyət dayandırılmalıdır. Bizim haqlı tələbimiz bundan ibarətdir”, - Əliyev vurğulayıb. **
R.Kərimov