Şənbə günü Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə telefon danışığı zamanı Azərbaycan-İran münasibətləri, xüsusilə reallaşdırılan nəqliyyat layihələri, o cümlədən Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər. Bu barədə Azərbaycan XİN-dən məlumat verilir.
“Nazirlər arasında ikitərəfli gündəliyin aktual məsələləri, xüsusilə də iqtisadi-ticarət və nəqliyyat sahələrində əldə edilmiş razılıqlar çərçivəsində icra edilən layihələr müzakirə olunub.(...) Tərəflər, həmçinin bölgədə post-münaqişə dövründə vəziyyəti, habelə daha geniş regional məsələləri müzakirə ediblər”, - XİN-in məlumatında deyilir.
Məlumatda qeyd olunur ki, telefon danışığı zamanı “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının” İran tərəfindən yeni həmsədrinin təyin edilməsi ilə komissiyanın işinin intensivləşdirilməsi niyyəti ifadə olunub.
Nazirlər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. **
R.Kərimov