Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması üçün bütün şərtlər təmin edildi.
“İki il əvvəl döyüş meydanında qazandığımız tarixi Qələbəmizi siyasi müstəvidə daha da möhkəmləndirdik. Bu ilin oktyabr ayında Praqa və Soçi görüşlərində Ermənistan ölkəmizin ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıdı. Hesab edirəm ki, bundan sonra Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün bütün şərtlər təmin edildi və Azərbaycan tərəfindən təklif olunmuş məlum beş prinsip əsasında sülh müqaviləsi imzalana bilər”, - Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirib.
Onun sözlərinə görə, 2022-ci il ölkəmiz üçün uğurlu oldu, “qarşımızda duran bütün vəzifələr icra edildi, Azərbaycan daha da gücləndi”.
Əliyev qeyd edib ki, 2022-ci ildə Azərbaycan hərbi gücünü daha da artırdı. “Bu sahəyə daim böyük diqqət göstərilir. Azərbaycan həm İkinci Qarabağ müharibəsi dövründə öz hərbi gücünü göstərmişdir, eyni zamanda, müharibədən keçən iki il ərzində biz aparılan islahatlar nəticəsində, yeni silahlı birləşmələrin yaradılması nəticəsində, silahlar və müasir texnika ilə ordumuzu təchiz etməyimiz nəticəsində daha da böyük hərbi potensiala malik olduq”, - o vurğulayıb.
Prezident bildirib ki, 2022-ci ildə Azərbaycan Ordusu tərəfindən bir neçə hərbi əməliyyat keçirildi və bu əməliyyatlar döyüş qabiliyyətimizin yüksək səviyyədə olmasını bir daha təsdiqləndi. “Fərrux əməliyyatı, “Qisas” əməliyyatı, eyni zamanda, sentyabr ayında Azərbaycan və Ermənistan sərhədi istiqamətində gedən toqquşmalar bizim növbəti parlaq qələbəmizlə nəticələndi. Sərhəd toqquşmaları nəticəsində Azərbaycan bir çox əlverişli strateji yüksəkliklərdə öz mövqelərini daha da möhkəmləndirə bilmişdir”, - Əliyev deyib.
Dövlət başçısı 2022-ci ildə Azərbaycanın iqtisadi nailiyyətlərini qeyd edib.
“Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, heç kimdən iqtisadi və siyasi cəhətdən asılı deyil. Əgər bu ilin iqtisadi göstəricilərinə nəzər salsaq görərik ki, postpandemiya dövrü üçün nəticələr qənaətbəxşdir. İqtisadiyyat təxminən 5% artıb, qeyri-neft sektorunda 9%-dən çox artıb. Bununla bərabər, bizim ümumi daxili məhsulumuz bu il rekord həddə – 130 milyarda (manata - İF) çatıb. Bu, tarixi nailiyyətdir”, - o vurğulaylb.
Əliyev bildirib ki. bununla paralel olaraq Azərbaycanın xarici dövlət borcu xeyli azalıb.“Bu vəzifəni bir neçə il bundan qabaq mən hökumət qarşısında qoymuşdum ki, bizim xarici borcumuz ümumi daxili məhsulumuzun 10%-nin altında olmalıdır. Keçən il 17% idi, bu ilin son nəticələrinə görə 9,5%-dir. Müqayisə üçün deyə bilərəm ki, bəzi inkişaf etmiş ölkələrdə xarici borc ümumi daxili məhsulun 100, 120, hətta 150%-ni təşkil edir. Yəni, biz tamamilə beynəlxalq maliyyə institutlarından asılı deyilik”, - Azərbaycan prezidenti əlavə edib. **
A.Əzizov