Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, ölkədə təsdiq edilmiş bərpaolunan enerji mənbələrinin potensialı 184 min meqavat təşkil edir.
“Bu il energetika sahəsində çox əlamətdar hadisələr baş verib. İlin ortasında Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair memorandum imzalanmışdır. Artıq bu memorandum icra edilir, Azərbaycan dünya bazarlarına öz təbii qazının ixracatını artırır”, - Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bəyan edib.
Onun sözlərinə görə, Bu ilin sonunda - dekabrın 17-də isə yeni böyük meqalayihəyə start verildi. “Qara dənizin dibi ilə elektrik kabelinin çəkilişi imkan verəcək ki, Azərbaycan bu sahədə də öz rolunu daha geniş miqyasda oynasın. Çünki bu elektrik enerjisinin əsas təchizatçısı Azərbaycan olacaq və bu, yaşıl enerji olacaq. Mən artıq bir neçə dəfə demişdim ki, Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası olmalıdır. Artıq biz buna nail oluruq və olacağıq. Eyni zamanda, Azərbaycanın çox geniş bərpaolunan enerji mənbələri həm ölkəmiz üçün, həm də dünya üçün böyük əhəmiyyət kəsb edir”, - dövlət başçısı qeyd edib.
Əliyev vurğulayıb ki, Azərbaycanda təsdiq edilmiş bərpaolunan enerji mənbələrinin potensialı 184 min meqavat təşkil edir.Bunun 157 min meqavatı Xəzər dənizinin Azərbaycan sektorunda mövcuddur. “Bu, ölkəmizi əvəzolunmaz tərəfdaşa, enerji sahəsində əvəzolunmaz tərəfdaşa çevirəcək”, - Azərbaycan prezidenti əlavə edib. **
A.Əzizov