Azərbaycan prezidenti İlham Əliyev Kuba prezidenti Migel Dias-Kanel Bermudesə təbrik məktubu ünvanlayıb.
“Ölkənizin milli bayramı – Azadlıq Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram”, - məktubda deyilir.
Dövlət başçısı Azərbaycan-Kuba əlaqələrinin genişlənməsi, ölkələrimiz arasında həm ikitərəfli qaydada, həm də beynəlxalq təsisatlar, xüsusilə də Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyinə əminlik ifadə edib.
“Bu xoş fürsətdən istifadə edərək Yeni, 2023-cü il münasibətilə də Sizi ürəkdən təbrik edir, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm”, - Əliyev yekun vurub.
Azərbaycan prezidenti İlham Əliyev həmçinin Sudan Respublikasının Suveren Keçid Şurasının sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhana təbrik məktubu ünvanlayaraq onu Sudan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik edib.
“İnanıram ki, Azərbaycan-Sudan münasibətləri dövlətlərimizin və xalqlarımızın mənafeləri naminə bundan sonra da həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə uğurla inkişaf edəcək və möhkəmlənəcəkdir. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və firavanlıq arzulayıram”, - məktubda deyilir. **
V.Əliyev