Cümə axşamı Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən Bakı şəhəri, Nərimanov rayonunda mənzillərin birində 4 nəfərin meyiti aşkar edilib. Bu barədə FHN-dən məlumat verilir.
“İnterfaks-Azərbaycan” agentliyi nazirliyə istinadən məlumat verir ki, cümə axşamı səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonunda mənzillərin birində giriş qapısının açılmaması səbəbindən xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub. Dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.
“Xilasedicilər xüsusi xilasetmə vasitələrindən istifadə edərək dördmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən mənzilin giriş qapısını açıblar. Mənzildə 4 nəfərin meyiti aşkar olunub”, - məlumatda qeyd olunur.
FHN ölüm səbəbini qeyd etməyib, lakin bildirilib ki, faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır. **
R.Kərimov