Azərbaycan istehsal və emal prosesində ən aşağı karbon izi olan karbohidrogen tədarük etməklə dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq. Bunu "Boston Consulting Group" (BCG) şirkətinin rəhbəri, BCG-nin idarəedici direktoru və baş tərəfdaşı, EMC regionunda energetika istiqaməti üzrə rəhbər Kirill Tuişev deyib.
“Biz 2022-ci ilin iyun ayında BCG-nin ofisini açmışıq, lakin Azərbaycanda tarixçəmiz 10 il bundan əvvəl başlayıb. Şəxsən mən dörd ildir ki, mütəmadi olaraq bura gəlirəm. Biz həm şirkətlərin necə işlədiyini, həm də ölkənin potensialının nə qədər yüksək olduğunu başa düşdük. Zənnimcə, Azərbaycan qlobal olaraq artım nöqtələrindən birinə çevrilə bilər. Burada neft-qaz sektoru ilə bağlı tarixən güclü iqtisadiyyat, yüksək keyfiyyətli enerji resursları var. İndi dünya bir tərəfdən istixana qazı emissiyaları ilə mübarizə aparır, digər tərəfdən isə şübhəsiz ki, neft və qaz onilliklər ərzində istifadə olunacaq. Beləliklə, Azərbaycan istehsal və emal prosesində ən aşağı karbon izi olan karbohidrogen tədarük etməklə dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq”, - deyə Tuişev “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Azərbaycan logistika baxımından əsas beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir. Ölkə inkişafını davam etdirdiyi güclü nəqliyyat infrastrukturuna malikdir. Bununla əlaqədar resursları lazımi yerə köçürmək asandır.
Tuişev hesab edir ki, zaman keçdikcə qazıntı yanacaqlarından mərhələli şəkildə imtina Azərbaycan iqtisadiyyatının əsasına getdikcə daha çox təzyiq göstərəcək. “Neft və qazın son onilliklərini” şərti olaraq səmərəli şəkildə idarə etmək: karbohidrogenlər sayəsində əldə olunan vəsaitləri yeni artım nöqtələrinin və iqtisadiyyatın yeni sektorlarının yaradılmasına konvertasiya etmək lazımdır. Yeni iqtisadiyyat üçün kadrların təkmilləşdirilməsi məsələlərinə diqqət yetirmək son dərəcə vacibdir. Bütün bunlar üçün bütün aspektləri birləşdirəcək və yeni uzunmüddətli rəqabət üstünlüyünü müəyyən edəcək kompleks strategiya lazımdır.
Kirill Tuişevlə müsahibənin tam mətni iləhttp://interfax.az/view/884084linki vasitəsilə tanış olmaq olar.
B.Rüstəmbəyov