Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 6-da “Bakı KOB evi”nin açılışında iştirak edib. Bu barədə prezidentin saytında məlumat verilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov paytaxtın Nərimanov rayonunda yerləşən “Bakı KOB evi” barədə dövlət başçısına məlumat verib.
“Bakı KOB evi”ndə sahibkarlara 29 dövlət qurumu tərəfindən 150-dən çox, 20 özəl qurum tərəfindən isə 100-dən çox adda xidmətlər göstəriləcək. Sahibkarlar fəaliyyət üçün zəruri olan biznesin qeydiyyatı, lisenziya və icazələrin alınması, biznes planın hazırlanması, güzəştli maliyyə vəsaitlərinə çıxış, vergi, gömrük, kommunal xidmətlərə qoşulma, bank, sığorta və digər məsələlərlə bağlı “Bakı KOB evi”nə müraciət edə bilərlər. Bununla yanaşı, “Bakı KOB evi”ndə yaradılmış Beynəlxalq Ticarət, İnkişaf və Logistika Zonasında gömrük və idxal-ixrac əməliyyatları ilə bağlı geniş spektrli xidmətlər də təqdim ediləcək.
Hazırda fəaliyyətdə olan Xaçmaz və Yevlax KOB evlərində indiyədək sahibkarlara 170 mindən çox xidmət göstərilib.
İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi Prezident İlham Əliyevin 28 dekabr 2017-ci il tarixli fərmanı ilə yaradılıb.*
X.Nəsirzadə