Yanvarın 7-də pravoslav xristianlar İsa Peyğəmbərin mübarək mövludunu - Milad bayramını qeyd edirlər.
Bu bayram yanvarın 6-dan, Müqəddəs axşamdan başlayır. Həmin gün pravoslavlar üçün 40 günlük pəhrizin sonuncu günü və Milad bayramına hazırlıq dövrüdür. Günəş batandan sonra bütün ailə masa arxasında toplaşır. Bu şam yeməyi ilə Milad pəhrizi başa çatır. Yanvarın 7-də bütün yemək məhdudiyyətləri aradan qaldırılır və əsl bayram ziyafəti təşkil edilir.
Bununla əlaqədar yanvarın 6-dan 7-nə keçən gecə Azərbaycanın bütün pravoslav kilsələrində təntənəli ibadətlər yerinə yetirilib.
Bakı Yeparxiyasının katibi arximandrit Aleksi (Nikonorov) Milad ibadətindən əvvəl jurnalistlərə müsahibəsində deyib: “Bu gecə bütün pravoslav xristianlar, şərq xristianları İsa peyğəmbərin mövludunu bayram edirlər. Bu, xristianların səbirsizliklə gözlədikləri ən sevimli və uğurlu bayramlarından biridir. Bugünkü bayramda mən hər kəsə təkcə özü üçün deyil, başqa insanlar üçün də sülh, ədalət axtarmağı arzu edirəm. Əziz həmvətənlər, bayramınız mübarək”.*
V.Əliyev