Qətərdəki diplomatik missiyası başa çatan Azərbaycan səfiri Rəşad İsmayılov 2023-cü ildə Bakı və Doha arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın dördüncü iclasının keçirilməsinin planlaşdırıldığını bildirib.
“Növbəti iclasa (Azərbaycan-Qətər Hökumətlərarası Komissiyasının – İF-Az) gəlincə, o, rotasiya qaydalarına əsasən Dohada keçirilməlidir və biz qətərli tərəfdaşlarla bu tədbirin 2023-cü il ərzində təşkilini müzakirə edəcəyik”, - deyə Rəşad İsmayılov Qətərin ingilis dilində çap olunan “The Peninsula” qəzetinə müsahibəsində bildirib.
“İnterfaks-Azərbaycan” agentliyi qeyd edir ki, sonuncu dəfə Hökumətlərarası Komissiyanın iclası 2021-ci il oktyabrın 18-də Bakıda keçirilib. Komissiyanın Azərbaycan tərəfindən həmsədri fövqəladə hallar naziridir.
Rəşad İsmayılov 2018-ci il fevralın 7-də Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib, 2022-ci il dekabrın 28-də səfir vəzifəsindən geri çağırılıb.
Daha əvvəl Azərbaycanın BƏƏ və Əlcəzairdəki diplomatik missiyalarına rəhbərlik etmiş Mahir Əliyev ölkənin Dohada yeni səfiri təyin edilib.*
R.Kərimov