Gürcüstan Dünya Bankına (DB) “Qara dənizin dibi ilə sualtı elektrik ötürmə xətlərinin çəkilməsi” layihəsinin texniki-iqtisadi əsalandırılmasının hazırlanması məqsədilə $75 milyon ayırmaq xahişi ilə müraciət edəcək.
Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili bazar ertəsi hökumətin iclasından sonra brifinqdə məlumat verib ki, nazirlik tərəfindən müvafiq sorğu təqdim ediləcək.
Onun sözlərinə görə, bank ilə “həm məbləğ, həm də işlərin konkret istiqamətləri üzrə artıq ilkin razılıq əldə olunub”.
“Bu gün hökumətin iclasında ölkəmiz üçün çox vacib layihə ilə bağlı məsələni müzakirə etdik. Gürcüstanın təşəbbüsü ilə artıq Qara dənizin dibi ilə yüksəkgərginlikli sualtı elektrik xətti vasitəsilə Qafqaz regionu və Avropanın enerji birləşməsini nəzərdə tutan layihə üzərində iş başlanıb. Bu elektrik ötürmə xətləri Gürcüstan ilə Rumıniyanın elektrik sistemlərini birləşdirəcək", - nazir bildirib.
O, həmçinin məlumat verib ki, hazırki mərhələdə Qara dəniz dibinin detallı geofiziki və geotexniki tədqiqatların aparılması zəruridir.
Ötən ilin dekabr ayında Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında strateji tərəfdaşlığa dair saziş imzalanıb. Bu saziş digər məsələlərlə bərabər Qafqaz regionundan Avropaya enerji körpüsünün inşasını nəzərdə tutur. **