Azərbaycan Pakistanda ötən ilin avqust ayında baş vermis daşqın nəticəsində fəsadların aradan qaldırılmasına əlavə $2 milyon humanitar yardım ayıracaq.
“9 yanvar 2023-cü il tarixində Cenevrədə BMT və Pakistanın birgə təşkilatçılığı ilə “İqlimə davamlı Pakistan” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransın əsas məqsədi ötən ilin avqust ayında Pakistanda baş vermiş təbii fəlakətin törətdiyi fəsadların aradan qaldırılmasına və yenidənqurma işlərinin həyata keçirilməsinə dəstək məqsədilə lazımi maliyyə resurslarının cəlb edilməsindən ibarət olub. Tədbirdə dünyanın 46 ölkə və 48 beynəlxalq maliyyə və vətəndaş cəmiyyəti institutunun nümayəndələrinin iştirak edib”, - Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilir.
Nazirliyin məlumatına görə, tədbirdə Azərbaycanın xarici İşlər nazirinin müavini Elnur Məmmədov video konfrans vasitəsilə çıxışında məlumat verib ki, rəsmi Bakı 2010-cu ildən etibarən Pakistanda fərqli illərdə baş vermiş daşqınların fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə indiyədək $7 milyona yaxın məbləğdə töhfə verib.
“Pakistan tarixinin ən ağır təbii fəlakəti hesab edilən son daşqınların səbəb olduğu dağıntıların aradan qaldırılmasına dəstək olaraq 2022-ci ilin avqust ayında Azərbaycan Pakistana $2 milyon məbləğində maliyyə yardımı göstərib. Fəsadların miqyasını nəzərə alaraq, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən təşəbbüsə dəstək məqsədilə Azərbaycan tərəfindən əlavə $2 milyon həcmində humanitar məqsədli maliyyə yardımı göstəriləcək”, - Məmmədovun çıxışına istinadən məlumatda deyilir.
2022-ci ildə baş vermiş təbii fəlakət Pakistan ərazisinin üçdə birini su altında qoyaraq, 15 min insanın ölümünə və yaralanmasına, eləcə də 33 milyon insanın köçkün düşməsinə səbəb olub. Beləliklə Pakistan tarixində ən dəhşətli təbii fəlakətə çevrilib.
Dünya Bankı Qrupunun hesablamalarına görə həmin daşqınların nəticəsi olaraq, təqribən 9 milyon insan yoxsulluğa düçar ola bilər. Pakistan BMT sistemi, Dünya Bankı Qrupu, Asiya İnkişaf Bankı və Avropa İttifaqının dəstəyi ilə Fəlakət Sonrası Ehtiyacların Qiymətləndirilməsi Planını hazırlayıb və daşqınların törətdiyi zərərin $14,9 milyard, iqtisadi itkilərin $15,2 milyard, yenidənqurma ehtiyaclarının isə $16 milyardı keçdiyini müəyyən edib.
Yenidənqurma, reabilitasiya, bərpa və davamlılıq çərçivəsinin (4RF) əsasını təşkil edən plan dolanışığın və kənd təsərrüfatının canlandırılması, özəl yaşayış evlərinin yenidən qurulması, ictimai infrastrukturun bərpası və yenidən inşa edilməsi kimi əsas prioritetləri müəyyənləşdirib. **
N.Abbasova