Ermənistanın baş naziri Nikol Paşinyan Laçın yolunun açılmayacağı təqdirdə respublikanın KTMT və MDB-dən çıxmağı planlaşdırması ilə bağlı məlumatları təkzib edib və beynəlxalq təzyiq tətbiq etmək niyyətində olduğunu bildirib.
“Düşünmürəm ki, biz tərəfdaşlarımızla ultimatum dili ilə danışmalıyıq. Bu mövzu ilə bağlı deməli olduğumuz hər şey açıq şəkildə bildirilib və əlavə edəcək heç nə yoxdur”, - deyə Paşinyan bu gün keçirdiyi mətbuat konfransında yolun açılmayacağı təqdirdə Ermənistanın KTMT və MDB-dən çıxmaq niyyətində olub-olmaması barədə suala cavabında bildirib.
Onun sözlərinə görə, yol Rusiya sülhməramlı kontingentinin nəzarətindədir və onun normal işini sülhməramlılar təmin etməlidir.
“Hesab edirik ki, beynəlxalq təzyiq tətbiq olunmalıdır (yolun açılması üçün - İF)”, - deyə erməni baş nazir qeyd edib.*