Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyənin hava yolu ilə birbaşa yükdaşımalar üçün maneələri aradan qaldırmasını alqışlayıb.
“Türkiyə hava yolu ilə birbaşa yükdaşımaların həyata keçirilməsi üçün maneələri aradan qaldırdığını bəyan edib. Mən bu addımı alqışlayıram. Ölkələr arasında təkcə danışıqların aparılması deyil, həm də danışıqların dinamikasını təmin edəcək hadisələrin baş verməsi vacibdir. Münasibətlərdə dinamika önəmlidir”, - deyə Paşinyan bu gün mətbuat konfransında bildirib.
O, tezliklə Ermənistan-Türkiyə sərhədinin üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılacağına ümidvar olduğunu deyib.
“Bundan başqa, regionda beynəlxalq logistik zəncirlər dəyişir. Region beynəlxalq yükdaşımalar üçün önəm qazanır, Ermənistanla Türkiyə arasında sərhədlərin və dəmir yolunun açılması qlobal əhəmiyyət daşıyır”, - deyə erməni baş nazir qeyd edib.
O, həmçinin Ermənistanın öz ərazisindən Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında avtomobil və dəmir yolu əlaqəsini təmin etməyə hazır olduğunu diqqətə çatdırıb.
“Biz yeni yolların inşasında da maraqlıyıq. (...) Mən dəfələrlə demişəm ki, əgər biz Ermənistanın inkişaf etmiş və təhlükəsiz ölkə olmasını istəyiriksə, regionda münasibətlərin keyfiyyətinin dəyişdirilməsi barədə düşünməliyik”, - deyə Paşinyan vurğulayıb.*