Azərbaycan “Henley & Partners Visa Restrictions Index”də Dominikan Respublikası və Tunislə 76-cı yeri bölüşüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi şirkətin 2023-cü ilin birinci rübünə dair hesabatına istinadən xəbər verir.
Gürcüstan 50-ci yerdə, Ermənistan 79-cu yerdə (Zimbabve və Kabo-Verde ilə) qərarlaşıb.
Hesabatda qeyd olunur ki, son 10 il ərzində Azərbaycanda vizasız istiqamətlərin sayı 51-dən 70-ə, Rusiyada 83-dən 118-ə, Ukraynada 64-dən 144-ə, Gürcüstanda 56-dan 116-ya, Qazaxıstanda 54-dən 76-ya, Belarusda 56-dan 78-ə, Ermənistanda 51-dən 66-ya, Özbəkistanda 47-dən 59-a yüksəlib.
Reytinqdə ilk sıranı 193 ölkəyə vizasız getmək hüququ verən Yaponiya pasportu tutur. Sonrakı yerlərdə Sinqapur və Cənubi Koreya (192) qərarlaşıb. Əfqanıstan vətəndaşlarının vizasız səfər edə biləcəyi ölkələrin sayı 27-dir.
Əvvəllər Viza Məhdudiyyətləri İndeksi adlanan “Henley & Partners” Pasport İndeksi dünya üzrə 227 ölkə və ərazinin viza qaydalarını təhlil edir və onları vizadan azad olan ölkələrin sayına görə sıralayır.*
X.Nəsirzadə