«Azəri-Çıraq-Günəşli» yataqlar blokunda “deep-gas” layihəsi çərçivəsində qaz hasilatı 2024-cü ildə başlayacaq. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Biz “Şahdəniz” və digər yataqlardan da əlavə qaz hasilatını gözləyirik. Misal üçün, bu il əgər hər şey plana uyğun gedərsə, “Abşeron” yatağından hasilat başlamalıdır. Gələn il isə, əgər heç bir fors-major maneələr olmazsa, “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan “deep gas” deyilən dərin qaz hasilatını gözləyirik. 2024-cü ildə hasilata başlamağı planlaşdırırıq”, - Əliyev çərşənbə axşamı yerli mətbuata müsahibəsində bildirib.
Prezident əlavə edib ki, Azərbaycan iri karbohidrogen xammalı potensialına malikdir.
“Azərbaycanın təsbit edilmiş ehtiyatları məlumdur, mən onları dəfələrlə səsləndirmişəm – 2,6 trilyon kubmetr (qaz). Lakin, mən əminəm ki, onlar daha çox olacaq, çünki neft yataqlarında fəaliyyətimizin təcrübəsi ondan xəbər verir ki, ehtiyatlar qazma, yeni texnologiyaların tətbiqinə görə ilkin qiymətləndirmələrdən daha çoxdur. Azərbaycanın qaz sahəsi isə beynəlxalq bazarlara ən azı 100 il öz ehtiyatlarını tədarük edəcək, yəni texnologiyalar inkişaf etdikcə daha çox hasil etmək üçün imkanlar olacaq. Buna görə 2,6 trilyon kubmetr – potensialımızın minimum təsbit edilmiş səviyyəsidir”, - Əliyev deyib.
Xəbər verildiyi kimi, hazırda AÇG blokunda deep-gas ehtiyatları 300 milyard kubmetr həcmində proqnozlaşdırılır. **
N.Abbasova