Ermənistan Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə bağlı götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmağa çalışır, lakin bu layihə həyata keçiriləcək. Bunu Prezident İlham Əliyev deyib.
Onun sözlərinə görə, bu layihənin reallaşması, eyni zamanda, 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatında da öz əksini tapıb.
“Düzdür, orada “Zəngəzur dəhlizi” sözü yoxdur. Çünki “Zəngəzur dəhlizi” terminini mən ondan sonra, necə deyərlər, geosiyasi leksikona daxil etdim. Ancaq orada açıq-aydın göstərilir ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır və Ermənistan bunu təmin etməlidir. İndi Ermənistan bundan boyun qaçırmaq istəyir. Faktiki olaraq, üzərinə götürdüyü öhdəlikləri iki ildən çoxdur ki, yerinə yetirmir. Ancaq bu, bizi dayandırmayacaq. Yəni, bizim üçün bu, strateji layihədir və təkcə bizim üçün yox, bir neçə qonşu ölkə üçün və böyük coğrafiya üçün”, - deyə dövlət başçısı yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bildirib.
O əlavə edib ki, çox böyük nəqliyyat bazarında Azərbaycan ciddi aktora çevrilib. “Əlbəttə ki, Zəngəzur dəhlizinin reallaşması tarixi zərurətdir. Ona görə mən dedim ki, Ermənistan istəsə də, istəməsə də bu, reallaşacaq. Yəni, bunu Ermənistanda yenə növbəti təhdid kimi qəbul edirlər, halbuki belə fikrim yox idi. Sadəcə olaraq, bu, qaçılmazdır. Bu, gec-tez olacaq. Əlbəttə, biz istəyirik ki, tez olsun və daha tez olsun”, - deyə prezident bildirib.
Onun sözlərinə görə, Azərbaycan üçün bu layihə təkcə iqtisadi və nəqliyyat layihəsi deyil, həm də strateji bir layihədir. “Tam əminik ki, bu layihənin reallaşması bizim təbii hüququmuzdur. Zəngəzur dəhlizinin iqtisadi səmərəsi heç kimdə şübhə doğurmamalıdır”, - deyə İ.Əliyev əlavə edib.*
R.Kərimov