Azərbaycan 5-6 il ərzində qaz hasilatını 10 milyard kubmetr artırmağı planlaşdırır. Bunu Prezident İlham Əliyev deyib.
“TANAP-ın imkanlarının iki dəfəyədək genişləndirilməsi yenə də Azərbaycan qazına bağlıdır. Çünki biz növbəti 5-6 il ərzində, əgər hər şey plan üzrə gedərsə, minimum 10 milyard kubmetr əlavə qaz hasil edə bilərik”, - deyə dövlət başçısı yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bildirib.
O qeyd edib ki, yeni yataqların istifadəyə verilməsi hesabına Azərbaycan qazının ixrac həcmlərinin artacağı gözlənilir.
“Beləliklə, bizim təbii qaz ixracımız daha çox olacaq, çünki yeni yataqlardan - “Abşeron”dan, “Ümid-Babək”dən, ondan sonra AÇG-dən, “Şahdəniz”dən çıxan, eyni zamanda, qənaət edilən qazı (hazırda elektrik enerjisinin istehsalına sərf edilir) da biz ixrac edəcəyik”, - deyə prezident əlavə edib.
Xəbər verildiyi kimi, Azərbaycan hökuməti 2023-cü ildə ölkədə qaz hasilatını 46 milyard 761,6 milyon kubmetr həcmində proqnozlaşdırır.
2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 42 milyard 498 milyon kubmetr qaz (artım 7,1%), o cümlədən 31 milyard 790,9 milyon kubmetr əmtəəlik qaz (artım 8%) hasil olunub.
2021-ci ildə Azərbaycanda qaz hasilatı 43 milyard 863,5 milyon kubmetr (artım 18,1%) həcmində olub.*
N.Abbasova