Şimali Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına və davamlı sülhə nail olunmasına töhfə verməyə hazır olduğunu bildirib.
ATƏT-in saytında bildirilir ki, B.Osmani ilə Azərbaycan və Ermənistan XİN başçıları arasında baş tutmuş telefon danışıqları zamanı Laçın yolu məsələsinə xüsusi diqqət yetirilməklə Cənubi Qafqazda vəziyyət müzakirə olunub.
“Osmani vurğulayıb ki, Laçın yolu ətrafındakı vəziyyəti diqqətlə izləyir. (…) O, bütün tərəfləri gərginliyi azaltmağa və konstruktiv dialoqa başlamağa çağırıb”, - deyə məlumatda vurğulanır.
ATƏT sədrinin sözlərinə görə, Ermənistan və Azərbaycan arasında etimadın möhkəmləndirilməsi və münasibətlərin normallaşdırılması tədbirləri cari problemləri aradan qaldırmaq üçün əsas elementlərdir.
Osmani gərginliyin aradan qaldırılmasına kömək etmək üçün şəxsən iştirak etməyə və davamlı sülhə nail olunması səylərinə töhfə verməyə hazır olduğunu təsdiqləyib.
ATƏT sədri, həmçinin Azərbaycana və Ermənistana səfər etməyi planlaşdırdığını deyib.*
R.Əhmədov