Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasında islahatların aparılması fikrinin tərəfdarı olduğunu bəyan edib və öz variantını təklif edib.
“İndiki şəraitdə artıq təkcə biz yox, bir çox ölkələr deyirlər və israrla deyirlər ki, ciddi islahatlara ehtiyac var, xüsusilə Təhlükəsizlik Şurasının tərkibinə yenidən baxılmalıdır. Mən də bu fikrin tərəfdarıyam”, - deyə dövlət başçısı yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bildirib.
O hesab edir ki, Təhlükəsizlik Şurasının formatı artıq köhnəlib və bunu tarix göstərir.
“İndi faktiki olaraq Üçüncü Dünya müharibəsi gedir, kim bunu necə adlandırır adlandırsın. Bu münaqişəyə (Ukraynada və onun ətrafında böhran – İF) qoşulan ölkələrin sayına baxsaq, görərik ki, bu, faktiki olaraq Üçüncü Dünya müharibəsidir, amma yeni üsulla aparılır, Birinci Dünya müharibəsindən də, İkinci Dünya müharibəsindən də fərqlənir. İndi üstündən 80 il keçib. Ona görə əlbəttə ki, Təhlükəsizlik Şurasında yeni üzvlər olmalıdır”, - deyə prezident qeyd edib.
İ.Əliyev hesab edir ki, mütləq bir daimi yer müsəlman ölkəsi üçün ayrılmalıdır. “Bunu İslam Əməkdaşlıq Təşkilatı özü müəyyən etməlidir, o, seçim etməlidir, ikiillik, ya üçillik rotasiya prinsipi əsasında. Bir yer də Qoşulmama Hərəkatına verilməlidir və orada sədrlik edən ölkə, - indi mən Azərbaycanı demirəm, bizim sədrliyimiz bu il başa çatır, - yəni, sədrlik edən ölkə, o daimi yerdə olmalıdır, əgər veto hüququ qalacaqsa, onda o yeni iki üzvə də veto hüququ verilməlidir”, - deyə o təklif edib.*
R.Kərimov