Moskva Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi danışıqları üçün platforma təqdim etməyə hazır olduğunu təsdiq edib.
“Rusiyanın sülh müqaviləsi üzrə Ermənistan-Azərbaycan danışıqları üçün platforma təqdim etmək təklifi qüvvədə qalır”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Ermənistanın baş naziri Nikol Paşinyanın yanvarın 10-da keçirdiyi mətbuat konfransında Ermənistan tərəfinin Rusiyanın təklifləri əsasında belə bir sənəd imzalamağa hazır olması ilə bağlı açıqlamasını şərh edən M.Zaxarova qeyd edib ki, Ermənistan tərəfinin mövqeyini qiymətləndirmək çətindir, çünki rəsmi İrəvanın eyni məsələ ilə bağlı bəyanatları ciddi şəkildə fərqlənir: “Bu mətbuat konfransında Ermənistanın baş naziri həm Rusiyanın təklifləri əsasında sənəd imzalamaq niyyətindən, həm də münaqişənin Qərbin təşviq etdiyi hansısa “hərtərəfli həll”ə üstünlük verilməsindən danışıb”.
O xatırladıb ki, 2022-ci il dekabrın 23-də Moskvada Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin sülh müqaviləsi üzrə görüşü keçirilməli idi. “Ancaq Ermənistan tərəfi xarici işlər naziri Ararat Mirzoyanın səfərini ləğv etdi. Bu, təkcə sülh müqaviləsinin deyil, həm də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı digər aktual məsələlərin, o cümlədən Laçın dəhlizi ətrafında vəziyyətin müzakirəsinə mane oldu”, - deyə M.Zaxarova vurğulayıb.
O əlavə edib ki, müəyyən edilmiş problemlərin həlli üçün birgə işi davam etdirmək lazımdır.
“Əgər erməni tərəfdaşlar həqiqətən də müəyyən edilmiş problemlərin üçtərəfli sazişlərin hərtərəfli həyata keçirilməsinə uyğun olaraq həllində maraqlıdırlarsa, o zaman sxolastika ilə məşğul olmaqdansa, birgə işi davam etdirmək lazımdır”, - deyə RF XİN rəsmisi qeyd edib.*