Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Ərazi Tikinti və Planlaşdırma Mərkəzi (ƏTPM) 44 günlük Vətən müharibəsi dövründə Gəncə şəhəri, Füzuli, Tərtər, Ağdam və Bərdə rayonlarında dağıdılmış, qəzalı vəziyyətə düşmüş evlərin və qeyri-yaşayış obyektlərinin təmiri və bərpası işlərinə 4 milyon 731,515 min manat yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.etender.gov.az portalına istinadən xəbər verir ki, “Az Graft Construction” şirkəti ilə Gəncə şəhəri, Füzuli və Tərtər rayonlarında sözügedən işlərin həyata keçirilməsi haqqında müqavilə bağlanıb. Müqavilənin məbləği 2 milyon 192,164 min manatdır.
“İnşaat Servis-2” şirkəti ilə Gəncə şəhərində təmir və bərpa işlərinin həyata keçirilməsi haqqında 1 milyon 678,604 min manat məbləğində müqavilə bağlanıb.
Bundan başqa, “Rabitəinşaat” şirkəti ilə Ağdam və Bərdə rayonlarında qeyd olunan işlərin həyata keçirilməsi haqqında müqavilə bağlanıb. Müqavilənin məbləği 860,744 min manatdır.*
B.Rüstəmbəyov