2022-ci il dekabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,6% artaraq 829,9 manat (cari məzənnə ilə $488,2- İF-Az) olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2022-ci il noyabrın 1-nə Azərbaycanda orta aylıq nominal əmək haqqı 827,9 manat ($487) təşkil edib.
2022-ci il dekabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 27,6 min nəfər və ya 1,6% artaraq 1 milyon 732,5 min nəfər olub (noyabrın 1-nə 1 milyon 729,3 min nəfər), onlardan 903,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 829,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 19,3%-i təhsil, 18,6%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,9%-i sənaye, 8,2%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2%-i tikinti, 6,5%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,2%-i nəqliyyat və anbar təsərrüfatı, 3,6%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,5%-i peşə, elmi və texniki fəaliyyət, 2%-i maliyyə və sığorta fəaliyyəti, 14%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.**
X.Nəsirzadə