Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev və nazirliyin digər vəzifəli şəxsləri Ermənistanla sərhəddə N nömrəli hərbi hissədə olublar, komando bölmələrin məşğələsini izləyiblər. Bu barədə çərşənbə axşamı Müdafiə Nazirliyindən məlumat verilir.
“Müdafiə Nazirliyinin rəhbər heyəti Ermənistanla sərhəddə yerləşən komando və digər hərbi hissələrdə olub, şəxsi heyətin intensiv dağ hazırlığı məşğələsini izləyib”, - məlumatda deyilir.
Yüksək dağlıq və çətin relyefli ərazidə hazırlıq keçən komandolarla görüşən Vəliyev hərbi qulluqçuların praktiki məşqlərində əsas diqqətin döyüşün aparılmasının üsul və taktikasına yönəldilməsini tapşırıb.
MN-dən məlumat verilir ki, Baş Qərargah rəisi hərbi qulluqçuların peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi, təlim və məşqlərin intensivliyi və keyfiyyətinin daha da artırılması ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq göstərişlər verib.
Komando – 2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanda islahatlar çərçivəsində yaradılan xüsusi bölmələrdir. **
R.Kərimov