Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Bu barədə Azərbaycan XİN-in mətbuat xidməti məlumat verir.
Tərəflər Azərbaycan və Rusiya arasında mövcud ikitərəfli əməkdaşlıq gündəliyində duran aktual məsələləri, o cümlədən Laçın yolu ətrafında cari vəziyyəti müzakirə ediblər.
“Bayramov Rusiya sülhməramlı kontingentinin yerləşdiyi Azərbaycan ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyət, o cümlədən təbii sərvətlərin istismarına və Laçın yolundan sui-istifadəyə qarşı etirazların Azərbaycan vətəndaşlarının legitim hüququ olduğunu vurğulayıb. Bu xüsusda, etirazçıların haqlı tələblərinin yerinə yetirilməsinin zəruri olduğunu diqqətə çatdırıb”, - məlumatda deyilir.
Həmçinin, Azərbaycan XİN başçısı guya Azərbaycan tərəfindən Laçın yolunun bağlanması, Azərbaycan ərazilərində yaşayan erməni sakinlərin blokadaya alınması, humanitar böhran vəziyyətinin yaranması barədə iddiaların əsassız olduğunu qeyd edib.
Bu xüsusda, Laçın yolundan hər gün onlarla nəqliyyat vasitəsinin, sülhməramlı kontingentin avtomobillərinin, Beynəlxalq Qızıl Xaç Komitəsinin, erməni təcili tibbi yardım maşınlarının keçməsinin Ermənistan tərəfinin əsassız iddialarını təkzib etdiyi vurğulanıb.
Eyni zamanda, özlərini Azərbaycan ərazilərində yaşayan erməni sakinlərin “nümayəndələri” kimi təqdim edən şəxslərin əhalini yoldan istifadəyə maneçilik törətdiyi və bununla süni şəkildə “blokada”, “humanitar böhran” təəssüratı yaratmasının qəbuledilməz olduğu bəyan edilib.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. **
B.Rüstəmbəyov