OPEC 2023-cü ildə Azərbaycanda gündəlik maye karbohidrogen hasilatının 60 min barel artacağını proqnozlaşdırır.
“2023-cü ildə Azərbaycanda gündəlik maye karbohidrogen hasilatının 60 min barel – ortalama 0,8 milyon barelə qədər artacağı proqnozlaşdırılır”, - deyə “İnterfaks-Azərbaycan” agentliyi OPEC-in aylıq hesabatına istinadən bildirir.
OPEC qeyd edir ki, artım “Şahdəniz” və “Abşeron” qaz-kondensat yataqları hesabına təmin olunacaq. “2023-cü ildə “Azəri-Çıraq-Günəşli” blokundakı “Mərkəzi Şərqi Azəri” layihəsi çərçivəsində hasilata başlanıldıqdan sonra istehsal daha çox arta bilər”, - deyə təşkilatda hesab edirlər.
OPEC-in qiymətləndirmələrinə görə, 2022-ci ildə Azərbaycanda gündəlik 0,7 milyon barel maye karbohidrogen (2021-ci ilin göstəricisindən 34 min barel az) hasil olunacaq.
“Köhnə yataqlardakı əsas azalmanın Xəzərin Azərbaycan sektorunda qaz hasilatı güclərini artıran BP-nin rəhbərliyi ilə “Şahdəniz” kimi digər yataqlarda hasilatın artırılması ilə kompensasiya olunacağı gözlənilir”, - deyə OPEC qeyd edir.*
N.Abbasova