2022-ci ildə Azərbaycanda xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 7 nəfər müəyyən edilərək saxlanılıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.
17 yanvar 2023-cü il tarixində Dövlət Sərhəd Xidmətinin 2022-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçirilib.
“Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 7 nəfər müəyyən edilərək saxlanılıb”, - deyə məlumatda bildirilib.
Hesabat dövründə terrorçuluğa qarşı mübarizə çərçivəsində xaricdə döyüşmüş 6 nəfər şəxs saxlanılıb, 11 nəfəri müəyyən edilib, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 20, qaçaqmalçılıqla məşğul olan 7 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib, ölkədə dini radikalizmi təbliğ edən 32 Azərbaycan vətəndaşı müəyyənləşdirilib.
2022-ci il ərzində 1 ton 383 kiloqram 507 qram narkotik vasitənin, 36 milyon 592 min 485 manat dəyərində qaçaqmalın dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb, 24 ton 683 kq narkotik xassəli bitki məhv edilib.
Dövlət sərhədini pozduqlarına görə 559 nəfər, sərhəd rejimini pozduqlarına görə 9827, axtarışda olan 2843, saxta sənədlərlə 319, özgəsinə məxsus sənədlə 6, gizli şəkildə sərhəd nəzarəti məntəqələrindən keçməyə cəhd edərkən 1 nəfər saxlanılıb.
“Sərhəd naryadları tərəfindən sərhəd pozucularına qarşı təlimata uyğun silah tətbiq olunması nəticəsində 2 halda 2 nəfər yaralanıb, 4 halda 4 nəfər sərhəd pozucusu həyatını itirib”, - deyə məlumatda qeyd olunub.*
R.Kərimov