Rusiya xarici işlər naziri Sergey Lavrov hesab edir ki, Laçın yolu ilə hərəkət məsələsi tezliklə həll olunacaq.
“(...) Düşünürəm ki, məsələ yaxın zamanda həllini tapacaq”, - deyə o, bu gün mətbuat konfransında bildirib.
Lavrov qeyd edib ki, əldə olunmuş üçtərəfli razılaşmalara uyğun olaraq Laçın yolu yüklərin, vətəndaşların və nəqliyyat vasitələrinin hərəkəti üçün sərbəst olmalıdır, lakin bu marşrutla hərbi yüklərin daşınması qadağandır.
“Azərbaycanlılar məlumat veriblər ki, Ermənistan tərəfi bu yol vasitəsilə minalar daşıyıb və daha sonra onlardan üçtərəfli bəyanatlara zidd olaraq Azərbaycan mövqelərinə yaxın ərazilərin minalanması üçün istifadə edilib. Xeyli qarşılıqlı ittihamlar var. Hazırda hərbçilərimiz bu məlumatları araşdırır”, - deyə nazir qeyd edib.
O vurğulayıb ki, Rusiyanın təkliflərinə əsasən, üçtərəfli razılaşmalara uyğun olaraq müvafiq səlahiyyətlərə malik olan Rusiya kontingenti yolda hərəkətə nəzarət edə və orada qadağan olunmuş yüklərin olub-olmadığını yoxlaya bilər.*