2022-ci ildə Azərbaycanda 3 min 174,7 kq qızıl hasil edilib ki, bu da 2021-ci ilin göstəricisindən 5,3% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə 7 min 776,6 kq gümüş (artım 60,1%) hasil edilib.
Hasil edilən qızıl və gümüş emala göndərilib.
1 yanvar 2023-cü il tarixinə istehsalçı şirkətlərin anbarlarında qızıl ehtiyatının həcmi 68 kq, gümüş ehtiyatının həcmi 48 kq təşkil edir.
Hazırda Azərbaycanda qiymətli metal hasilatı ilə “AzerGold” QSC və Britaniyanın “Anglo Asian Mining PLC” şirkəti məşğul olur.
“AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb.
Azərbaycan hökuməti və “Anglo Asian Mining PLC” şirkəti arasında Production Sharing Agreement (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanıb və 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir. 2021-ci ilin sentyabr ayında imzalanmış yeni müqaviləyə əsasən, 3 yeni müqavilə bloku “Anglo Asian Mining”in sərəncamına verilib və şirkət bir yatağı işləmək hüququndan imtina edib. Bununla da hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsini işləmək hüququna malikdir. Hazırda “Anglo Asian Mining” “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən qiymətli metal hasil edir.*
B.Rüstəmbəyov