2022-ci ildə “Şahdəniz” yatağından hasil edilən qazın ixrac həcmi 20 milyard 803,7 milyon kubmetr təşkil edib ki, bu da 2021-ci ilin göstəricisi ilə müqayisədə 18,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat ilində magistral qaz kəmərləri ilə nəql edilən qazın 53%-i “Şahdəniz” yatağından hasil edilən qazın payına düşüb.
Bütövlükdə, 2022-ci ildə Azərbaycanın magistral qaz kəmərləri ilə 39 milyard 216,9 milyon kubmetr qaz (artım 11,7%) nəql edilib.
Hazırda “Şahdəniz” yatağından hasil edilən qaz Gürcüstan, Türkiyə və Avropaya ixrac olunur.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları bp (operator – 29,99%), LUKOIL (19,99%), TPAO (19%), SOCAR (14,35%), NICO (10%) və “Cənub Qaz Dəhlizi” QSC-dir (6,67%).
“Şahdəniz” yatağından qaz hasilatına 2006-cı ilin dekabr ayında başlanılıb.*
N.Abbasova