Prezident İlham Əliyev Azərbaycan-Qırğızıstan münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini qeyd edir.
“Biz dərin tarixi, mədəni və mənəvi köklərlə bağlı olduğumuz qardaş Qırğızıstan ilə dostluq və əməkdaşlıq əlaqələrinə xüsusi əhəmiyyət veririk. Otuz il əvvəl bu möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimizin xüsusən son illərdə yüksələn xətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatması böyük məmnunluq doğurur”, - deyə İ.Əliyevin Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Qırğız Respublikasının Prezidenti Sadır Japarova göndərdiyi təbrik məktubunda bildirilir.
Onun sözlərinə görə, qarşılıqlı səfərlər, müntəzəm təmaslar, müxtəlif sahələrdə imzalanan sənədlər əməkdaşlığımızın yüksək inkişaf dinamikasından xəbər verir.
“Xüsusilə də keçən il qardaş ölkələrimizə həyata keçirdiyimiz səfərlər ikitərəfli əlaqələrimizin keyfiyyətcə yeni pilləyə qaldırılmasında vacib rol oynayıb. Sevindiricidir ki, həm Bakıda, həm də Bişkekdə Sizinlə apardığımız müzakirələr, əldə etdiyimiz razılaşmalar və imzaladığımız çoxsaylı mühüm sənədlər Azərbaycan-Qırğızıstan tərəfdaşlığının bütün sahələrdə inkişafına və yeni məzmunla zənginləşməsinə təkan verib”, - deyə dövlət başçısı qeyd edib.
“İnanıram ki, hazırda ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsi üçün formalaşmış əlverişli şəraitdən səmərəli istifadə edərək əlaqələrimizin möhkəmləməsinə, həm ikitərəfli, həm də çoxtərəfli əsasda səmərəli işbirliyimizin daha da dərinləşməsinə nail olacağıq”, - deyə İ.Əliyev əlavə edib.*
R.Kərimov