Bakı İrəvanla sülh prosesinin 5 baza prinsipi əsasında sülh sazişinin imzalanmasına hazırdır və Ermənistandan sülh müqaviləsinin mətni üzrə danışıqlar aparmaq məqsədilə növbəti görüşün keçirilməsinə razılıq verməsini gözləyir. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə deyib.
“Bir daha bəyan edirik ki, Azərbaycan sülh prosesinin 5 baza prinsipi əsasında sülh sazişinin imzalanmasına və sözügedən sazişin mətninin təşəbbüskarı kimi danışıqlar üzrə növbəti görüşün qısa müddət ərzində keçirilməsinə hazırdır. Azərbaycan tərəfi Ermənistandan sülh prosesinə xələl gətirən təxribatçı açıqlamalar yox, məhz sülh müqaviləsinin mətni üzrə danışıqlar aparmaq məqsədilə növbəti görüşün keçirilməsinə razılıq verməsini gözləyir”, - deyə o bildirib.
Yanvarın 18-də Ermənistan parlamentində sualları cavablandıran Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistanın bir aydır Azərbaycandan sülh müqaviləsinə təkliflərlə bağlı cavab gözlədiyini bildirib.
A.Hacızadə bununla bağlı deyib: “Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesinin, o cümlədən sülh müqaviləsinin imzalanmasının təşəbbüskarının Azərbaycan olduğunu nəzərə alaraq, Ermənistan tərəfinin bu cür açıqlamalar verməsi təəccüb doğurur”.
O əlavə edib ki, sülh sazişi üzrə mətn müzakirələr üçün Azərbaycan tərəfindən ötən il oktyabrın 2-də Cenevrədə təqdim edilib və sənəd üzrə müzakirələr Vaşinqtonda davam etdirilib. “Danışıqlar prosesinin davamı olaraq üçüncü görüşün ötən il dekabrın 23-də Moskvada keçirilməsinə razılıq verilməsinə baxmayaraq, məhz Ermənistan tərəfi birtərəfli əsasda görüşdə iştirak etməyib, bununla da danışıqlar prosesini pozub”, - deyə Mətbuat xidməti idarəsinin rəhbəri qeyd edib.*
R.Kərimov