Prezident İlham Əliyev Kiyev vilayətinin Brovarı şəhərində helikopterin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Ukraynanın Prezidenti Volodimir Zelenskiyə başsağlığı verib.
“Kiyev vilayətinin Brovarı şəhərində helikopterin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər bizi olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Ukrayna xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”, - deyə dövlət başçısının saytında dərc olunmuş başsağlığı məktubunda bildirilir.
Ukrayna mətbuatının ölkənin Milli Polisinin rəhbəri İqor Klimenkoya istinadən verdiyi xəbərə görə, yanvarın 18-də Brovarıda helikopter qəzası nəticəsində 10-dan çox insan, o cümlədən Ukraynanın daxili işlər naziri Denis Monastrski, onun birinci müavini Yevgeni Yenin və dövlət katibi Yuri Lubkoviç həlak olub.*
R.Kərimov