Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı Davosda "Adani Group" şirkətinin təsisçisi və sədri Qautam Adani ilə görüşüb.
Azərbaycan liderinin saytındakı məlumata əsasən, görüşdə Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin təşəbbüskarı və əsas nəqliyyat-logistika qovşaqlarından biri olduğu vurğulandı.
Bu xüsusda "Adani Group" ilə əməkdaşlığın perspektivləri müzakirə edildi.
“Həmçinin Şərq-Qərb nəqliyyat dəhlizi kontekstində Azərbaycan ərazisindən keçən Orta Dəhlizin xüsusi əhəmiyyəti qeyd edildi”, - məlumatda vurğulanır.
Adani şirkətin Hindistanda və dünyanın müxtəlif bölgələrində limanların idarə edilməsi, nəqliyyat və daşıma sahələrində geniş təcrübəyə malik olduğunu, dünyanın bir sıra ölkələrində bu sahələrdə birbaşa investisiyalarla çıxış etdiyini bildirdi.
“Görüş zamanı Azərbaycanın birbaşa xarici investisiyalar üçün cəlbedici olması, ölkəmizin iqtisadiyyatının inkişafı və bu xüsusda "Adani Group" ilə neft-kimya, dağ-mədən, metallurgiya sənayesi və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı. Görüşdə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsi və gələcək əməkdaşlıq üzrə daha təfərrüatlı müzakirələrin aparılmasına dair razılığa gəlindi”, - məlumatda deyilir. **
B.Rüstəmbəyov