Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Avropa Şurası (AŞ) Nazirlər Komitəsinin sədri Tordis Kolbrun Reykfyörd Gilfaddottiri Laçın yolu ətrafında vəziyyəti nəzərdən keçirərkən qərəzsiz olmağa çağırıb.
“Avropa Şurası Nazirlər Komitəsinin sədrini qərəzsiz olmağa, bölgədə sülh və əmin-amanlığa xələl gətirəcək hərəkətlərdən və açıqlamalardan çəkinməyə çağırırıq”, - XİN-in bəyanatında deyilir.
Nazirlikdən qeyd olunub ki, 19 yanvar tarixində Tordis Kolbrun Reykfyörd Gilfaddottirin Laçın yolu ətrafında yaranmış vəziyyətlə bağlı yerdəki reallıqları əks etdirməyən bəyanatı təəssüf doğurur.
XİN-də bəyan ediblər ki, “Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarının, onların qeyri-qanuni şəkildə Ermənistana daşınması və yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolundan sui-istifadə hallarının qarşısının alınması tələbi ilə Laçın yolunda dinc etirazlara bu cür münasibət anlaşılan deyil”.
“Azərbaycan ərazisində qeyri-qanuni iqtisadi və hərbi fəaliyyətə qarşı etirazlar Azərbaycan vətəndaşlarının hüququdur və buna hörmətlə yanaşılmalıdır. Bu kimi bəyanatlar bölgədə sülh və əmin-amanlığa töhfə verməməklə yanaşı gərginliyin artmasına gətirib çıxarır”, - XİN-dən vurğulanıb. Həmçinin bildirilir ki, Laçın yolu açıqdır və ekoloji aksiya başlandığı 12 dekabr 2022-ci ildən etibarən 800-ə yaxın nəqliyyat vasitəsi heç bir maneə olmadan həmin yoldan keçib. **
R.Kərimov