19 yanvar tarixində xarici işlər naziri Ceyhun Bayramov Bakıda NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolominanı qəbul edib. Tərəflər Bakı ilə Alyans arasında mövcud əməkdaşlıq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, həmçinin Laçın yolu ətrafında vəziyyəti müzakirə ediblər.
XİN-in məlumatında qeyd olunur ki, Bayramov görüşdə Azərbaycan və NATO arasında davamlı siyasi dialoq barədə bəyan edib.
“Bayramov, həmçinin Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, sülh gündəliyinin irəli aparılması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar, Ermənistanın sülh prosesinə xələl gətirən hərbi-siyasi təxribatları, mina təhdidinin davam etdirilməsi barədə Kolominanı məlumatlandırıb”, - nazirlikdən vurğulanır.
Laçın yolu ətrafında Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin etirazına səbəb olan təxribatlardan bəhs edən Bayramov, guya Azərbaycan ərazilərindəki erməni sakinlərinin blokadaya alınması, vəziyyətin humanitar böhran səviyyəsinə çatması ilə bağlı əsassız iddiaların həqiqəti əks etdirmədiyini Kolominanının diqqətinə çatdırıb. “Nazir vurğulayıb ki, üçtərəfli bəyanatla yalnız humanitar məqsədlər üçün istifadəsi nəzərdə tutulan Laçın yolundan sui-istifadə faktlarını pərdələməkdən, sülh gündəliyi üzrə danışıqlara xələl gətirməkdən başqa bir şey deyil. Ermənistan tərəfinin qeyri-konstruktiv addımlarına baxmayaraq, Azərbaycan danışıqlar üzrə növbəti görüşün qısa müddət ərzində keçirilməsinə hazırdır”, - XİN-dən bildirilir.
Öz növbəsində, Kolomina Azərbaycan və NATO arasında digər sahələrdə, o cümlədən, enerji təhlükəsizliyi, təhsil və s. sahələrdə əməkdaşlığın aparıldığını məmnunluqla qeyd edib. O, həmçinin bölgədə gərginliyin mövcudluğunun narahatlıq doğurduğu, bu xüsusda sülh və təhlükəsizliyin bərqərar edilməsi üçün Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin davam etdirilməsinin vacibliyini vurğulayıb.
XİN-dən vurğulanır ki, görüşdə həmsöhbətlər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. **
R.Əhmədov