Cümə axşamı Azərbaycan prezidenti İlham Əliyevin Davosda Dünya İqtisadi Forumu çərçivəsində Niderland Krallığının baş naziri Mark Rutte ilə görüşü olub.
“Görüşdə Azərbaycan ilə Niderland arasında iqtisadi sahədə əməkdaşlığın inkişaf etdiyi xüsusi qeyd olundu, bu xüsusda Niderland şirkətlərinin Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsində yaxından iştirak etdiyi vurğulandı”, - Azərbaycan liderinin saytında məlumat verilir.
Öz növbəsində, Rutte Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfəni və Avropa ölkələrinin qazla təchizatında oynadığı rolu xüsusi qeyd edib.
“Söhbət zamanı Şərq-Qərb nəqliyyat dəhlizinin və onun tərkib hissəsi olan Orta Dəhlizin artan əhəmiyyəti qeyd edildi, regional məsələlər barədə fikir mübadiləsi aparıldı”, - məlumatda vurğulanır.
Əliyev Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqlar prosesi haqqında Rutteyə məlumat verdi. Azərbaycan prezidenti Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin dəstəyi ilə aparılan danışıqlar prosesinin vacibliyini vurğuladı, Bakının bu proses çərçivəsində danışıqların davam etdirilməsinə hazır olduğunu dedi.
Həmçinin, Əliyev Azərbaycanın Laçın-Xankəndi yolunda cərəyan edən son hadisələrə toxunaraq qeyd edib ki, Ermənistan yolun guya blokadada olması barədə yalan məlumatlar yayır və beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır. “Prezident Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarının Azərbaycan ictimaiyyətinin və vətəndaş cəmiyyəti təşkilatlarının haqlı narazılığına səbəb olduğunu bildirdi. Hazırda yolda Rusiya sülhməramlılarının, Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə lazımi humanitar yüklərin, mülki şəxslər və mülki təyinatlı yüklərin sərbəst keçidinin təmin edildiyi diqqətə çatdırıldı, kriminal ünsürlərin həmin ərazilərdən çıxarılmasının vacibliyi bir daha vurğulandı”, - məlumatda vurğulanır. **
A.Əzizov