Gürcüstanın baş naziri İrakli Qaribaşvili bildirib ki, Bakı və Tbilisi gələcəkdə də bir çox layihələr icra edəcək.
“Bizim münasibətlər sınaqlardan çıxmış, etibarlı və güvənlidir. Biz birlikdə çox mühüm tarixi layihələri, neft-qaz layihələrini icra etmişik. İndi isə bu dəmir yolu layihəsini icra edirik. Gələcəkdə də bir çox layihələr icra edəcəyik”, - deyə o, yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında çıxışı zamanı bildirib.
İ.Qaribaşvili qeyd edib ki, tərəflər bir neçə layihədə, o cümlədən Qara dəniz sualtı elektrik kabeli və Bakı-Tbilisi-Qars dəmir yolu layihələrində əməkdaşlıq edir.
“Buxarestdə biz - Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan müqavilə imzaladıq və anlaşdıq ki, bu dörd dövlətdən hər biri layihəyə yatırım edəcək. Biz Azərbaycanla birlikdə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini icra edirik. Bir neçə ay əvvəl Azərbaycan bu layihənin tamamlanması üçün əlavə vəsait ayırdı”, - deyə o əlavə edib.*
R.Kərimov