NATO-nun baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Azərbaycana səfəri zamanı Alyansla Bakı arasında əməkdaşlığı, eləcə də ölkənin Avro-Atlantik təhlükəsizliyə töhfəsini müzakirə edib.
“İnterfaks-Azərbaycan” agentliyi Alyansın məlumatına istinadən xəbər verir ki, bu səfər Kolominanın NATO-nun mühüm tərəfdaş ölkələri olan Azərbaycan və Ermənistanda müntəzəm siyasi məsləhətləşmələrinin bir hissəsi olub.
“O, Azərbaycanda xarici işlər naziri Ceyhun Bayramov (yanvarın 19-da - İF) və digər rəsmilərlə görüşüb. Kolomina NATO-nun Azərbaycan və Ermənistanla əməkdaşlığını, eləcə də hər iki tərəfdaşın Avro-Atlantik təhlükəsizliyə töhfəsini müzakirə edib”, - deyə məlumatda bildirilir.
Kolomina, həmçinin regional təhlükəsizlik məsələləri və Laçın dəhlizindəki vəziyyət barədə fikir mübadiləsi aparıb. O, iki dövlət (Azərbaycan və Ermənistan – İF) arasında münasibətlərin normallaşması üzərində işin və danışıqların bərpasının vacibliyini vurğulayıb, habelə regional sabitliyin dəstəklənməsində Avropa İttifaqının rolunu alqışlayıb.*
R.Kərimov