Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycana qarşı iddialarını tamamilə əsassız və qəbuledilməz hesab edir.
“Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın “Armenpress” xəbər agentliyinə müsahibəsi zamanı Azərbaycana qarşı iddiaları tamamilə əsassız və qəbuledilməzdir”, - deyə A.Hacızadə bildirib.
Onun sözlərinə görə, Azərbaycan tərəfi ilə Moskvada keçirilməsi nəzərdə tutulan üçüncü görüşdə iştirakdan imtina etmiş və bununla prosesi pozmuş Ermənistan xarici işlər nazirinin danışıqları dayandırmadığı barədə iddiaları riyakarlıqdır.
A.Hacızadə, həmçinin Ermənistan tərəfinin məqsədinin bölgədə sülh və təhlükəsizlik olduğunu iddia etməsini absurd hesab edir.
XİN rəsmisi qeyd edib ki, Ermənistan xarici işlər nazirinin müsahibə zamanı “Dağlıq Qarabağ hakimiyyəti” kimi ifadələr səsləndirməsi, bu ölkənin beynəlxalq hüququn norma və prinsiplərinə, habelə Praqa və Soçi razılaşmalarına zidd olaraq Azərbaycana qarşı ərazi iddialarından hələ də əl çəkmədiyini nümayiş etdirir.
“Öz öhdəliklərindən boyun qaçırmaq istəyən Ermənistan xarici işlər nazirinə bir daha xatırladırıq ki, sadalanan destruktiv fəaliyyət və bəyanatlar bölgədə sülhün bərpasına xidmət etməməklə yanaşı, ilk növbədə, Ermənistanın əleyhinədir”, - deyə Mətbuat xidməti idarəsinin rəisi vurğulayıb.*
V.Əliyev