Qusar rayonunda yerləşən “Park Qusar” istirahət mərkəzində baş verən yanğınla əlaqədar Qusar Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım briqadaları hadisə yerinə cəlb edilib.
“Hadisə nəticəsində xəsarət alan 6 nəfər Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Xəsarət alanlardan 5-i Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunub”, - deyə TƏBİB-dən bildirilib.
Xəsarət alanlardan ikisinin vəziyyəti ağır, digərlərinin vəziyyəti orta ağır qiymətləndirilir.
Xatırladaq ki, “Park Qusar” istirahət mərkəzinin ərazisində kotecdə baş vermiş yanğın nəticəsində dörd nəfər həlak olub, altı nəfər xəsarət alıb.
Hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilmiş ilkin araşdırmalarla yanğının kotecdəki odun sobasının (kamin) nəzarətsiz qalması səbəbindən baş verdiyi ehtimal edilir.*
V.Əliyev