2022-ci ildə Azərbaycanda törədilmiş cinayətlərin 83.4%-ni böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil edib, cinayətlərin 89.7%-nin açılması təmin edilib. Bu barədə daxili işlər naziri Vilayət Eyvazov məlumat verib.
“2022-ci ildə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan dövlət qurumları üzrə 36.494 cinayət qeydə alınıb və onlardan 95.2%-i daxili işlər və prokurorluq orqanlarının prosessual qaydada araşdırdığı hüquqazidd əməllər olub. Cinayətlərin 83.4%-ni böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil edib”, - Eyvazov bazar ertəsi Daxili İşlər Nazirliyində cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə respublika daxili işlər orqanlarının 2022-ci ildəki fəaliyyətinin nəticələri və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclasında çıxışında bildirib.
O qeyd edib ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri ilə cinayətlərin 89.7 faizinin açılması təmin edilib. Ayrı-ayrı hüquqazidd əməllərin açılmasının nəticələri də yüksək olmaqla ağır və xüsusilə ağır cinayətlərin 85.3%-i, qeyri-aşkar şəraitdə baş verənlərin 85.7%-i, şəxsiyyət əleyhinə olanların 98.2%-i, mülkiyyət əleyhinə olanların 81.8%-i açılıb.
Nazirin sözlərinə görə, prokurorluq orqanları ilə birgə cinayətlərin qarşısının alınması, açılması, istintaqı, bütövlükdə vətəndaşların qanuni mənafelərinin qorunması sahəsində davamlı iş aparılıb, o cümlədən keçmiş illərdən bağlı qalmış 368 cinayət üzrə təqsirli şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunub.
Eyvazov bildirib ki, müqayisə edilən dövrə nisbətən 2022-ci ildə şəxsiyyət əleyhinə olan cinayətlər 2.4%, o cümlədən qəsdən adam öldürməyə cəhdlər 13%, qəsdən sağlamlığa ağır zərər vurmalar 5%, odlu silahın tətbiqi ilə baş verən cinayətlər 17.6%, ailə münaqişəsi zəminində törədilənlər 2.4%, mal-qara oğurluğu 21.3% azalıb.
“Həyata keçirilmiş əməliyyat tədbirləri ilə 251 kriminal qrup zərərsizləşdirilib, odlu silah saxlayan və daşıyan 202 şəxs cinayət məsuliyyətinə cəlb olunub, axtarışda olan 557 təqsirləndirilən şəxsin tutulması təmin edilib”, - nazir qeyd edib.
Həmçinin, DİN başçısı vurğulayıb ki, qeyri-leqal dövriyyədən 2021-ci illə müqayisədə 373 kiloqram çox – 3 ton 418 kiloqram narkotik vasitənin çıxarılıb, 172 tondan artıq narkotik xassəli bitkilərin aşkarlanıb məhv edilib. **
R.Kərimov