Avropa İttifaqı (Aİ) diplomatiyasının rəhbəri Jozep Borrel Cənubi Qafqazda Aİ-nin “fəaliyyətinin yeni mərhələsi”nin başlanması barədə bəyan edib, Brüssel regionda sülhün bərqərar olması məqsədilə Bakı və İrəvanla əməkdaşlığa sadiqdir.
Bazar ertəsi Aİ Şurası Ümumi təhlükəsizlik və müdafiə siyasəti çərçivəsində Avropa İttifaqının Ermənistanda mülki missiyasının təsis edilməsinə dair qərar qəbul edib.
“Ermənistanda Aİ-nin missiyasının təsis edilməsi Aİ-nin Cənubi Qafqazda fəaliyyətində yeni mərhələ açır. Aİ gərginliyin azalması üzrə səyləri dəstəkləyir və son hədəfə – regionda davamlı sülhə nail olmaq məqsədilə hər iki tərəflə (Bakı və İrəvanla - İF) sıx əməkdaşlığa sadiqdir”, - Aİ Şurasının press-relizində Borrelin sözlərindən sitat gətirilir.
Missiyanın məqsədi Ermənistanın sərhəd rayonlarında sabitliyə töhfə vermək, yerlərdə etimadı gücləndirmək və Aİ-nin dəstəklədiyi Ermənistan ilə Azərbaycan arasındakı münasibətləri normallaşdırmaq səylərinə töhfə verən mühiti təmin etməkdir.
Aİ-dən məlumat verilib ki, Ermənistanın sorğusuna cavab olaraq EUMA adi patrul işləri aparacaq və vəziyyət barədə məlumat verəcək, bu da «Avropa Ittifaqının yerdəki vəziyyətin anlayışını gücləndirəcək». «Həmçinin missiya Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin rəhbərlik etdiyi proses çərçivəsində vasitəçilik səylərinə kömək edəcək», - press-relizdə bildirilir.
EUMA-nın ilkin mandatı iki il qüvvədə olacaq, onun operativ qərargahı isə Ermənistanda yerləşəcək. Mülki əməliyyatın komandiri Aİ-nin xarici siyasət xidmətindən Stefano Tomat olacaq. Yerlərdə əməliyyatlara rəhbərlik edəcək missiyanın rəhbəri yaxın gələcəkdə təyin ediləcək. **
R.Kərimov