BP şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağında “SDX-8” yeni kəşfiyyat quyusunun qazılmasına başlayıb.
“Quyu “Heydər Əliyev” adına yarımdalma qazma qurğusu vasitəsilə qazılır. Qurğu qazma ərazisinə 2022-ci ilin dekabr ayında gətirilib. Quyunun ümumi dərinliyinin təxminən 7 min metrə yaxın olacağı nəzərdə tutulur”, - BP-Azerbaijan şirkətinin məlumatında deyilir.
Quyunun qazılması təxminən bir il çəkəcək.
“Lakin mümkündür ki, nəticələri qiymətləndirmək məqsədilə lazım ola biləcək sınaq proqramı aparmaq üçün bu müddət daha uzun olsun. Uğurlu olacağı təqdirdə, "SDX-8" quyusu şərq cinahda hazırda istismarda olan məhsuldar layların altındakı daha dərin horizontların qazma xüsusiyyətləri, hasilat imkanları və qaz ehtiyatları potensialı haqqında daha aydın təsəvvür yaradacaq”, - məlumatda deyilir.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları bp (operator – 29,99%), LUKOIL (19,99%), TPAO (19%), SOCAR (14,35%), NICO (10%) və “Cənub Qaz Dəhlizi” QSC-dir (6,67%).
“Şahdəniz” yatağından qaz hasilatına 2006-cı ilin dekabr ayında başlanılıb.
2022-ci ildə “Şahdəniz” yatağından 25,2 milyard kubmetr qaz (2021-ci ilin göstəricisindən 11,5% çox) və 4,4 milyon ton kondensat (+4,8%) hasil olunub.
2022-ci ildə “Şahdəniz”dn qaz ixracı 20 milyard 803,7 milyon kubmetr (+18,1%) təşkil edib. **
B.Rüstəmbəyov